Çin və Yaponiyadan gələn xəbərlər nefti ucuzlaşdıra bilmədi
Neftin qiyməti 60 dollar ətrafında sabitləşməkdədir. APA TV-nin xəbərinə görə, son 24 saat ərzində “Brent” markalı neftin maksimum qiyməti 60,63 dollar olub. Hazırda isə birjalarda bu markadan olan neft 60,44 dollardan satılır.
Qərbi Texas nefti 54 dollara təklif olunur, iki marka arasında qiymət fərqi yenə də 6 dollardan çox təşkil edir.
Çində iqtisadi aktivlik indeksinin azalması, Yaponiyada isə sənaye istehsalı həcminin 1,1% aşağı düşməsi neftin qiymətin mənfi təsir edir. Neftin 60 dollar səviyyəsini qoruması Çin və Yaponiyanın iqtisadi göstəriciləri ilə Amerika Neft İnstitutunun bu gün açıqlayacağı hesabatdan da asılıdır. Proqnoz xarakterli hesabat axşam saatlarında açıqlanacaq, ümumi hesablamalara görə, ABŞ-da ötən həftə kommersiya neft ehtiyatlarının həcminin 2,57 milyon barel, benzin ehtiyatlarının isə 2 milyon barel azalacağı gözlənilir. Gözləntilər özünü doğrultsa, bu, ABŞ-ın xaricdən neft idxalını artırmağa məcbur olması və bazarda neftə tələbatın artması deməkdir.
Səudiyyə şahzadəsi və OPEK rəhbərinin qlobal neft paktının müddətinin artırılacağı barədə optimist açıqlamaları konsaltinq şirkətlərinin “Brent” nefti ilə bağlı proqnoz qiymətlərini artırmasına səbəb olub. JP Morgan şirkəti gələn il üçün “Brent” neftinin orta illik qiymətinin 11 dollar artaraq 58 dollar təşkil edəcəyini proqnozlaşdırır.