Mühərrik yağ və su ilə işləyir - İSMAYILLI SAKİNİNİN KƏŞFİ

İsmayıllı rayonunun Diyallı kənd sakini Natiq Ömərov yeni mühərrik ixtira edib. APA TV-nin yerli bürosunun məlumatına görə, bu mühərrikin digərlərindən fərqi onun su və motor yağı ilə yüksək sürətlə işləməsidir.

 

Mühərrik üçün detalların çətinliklə tapılması Natiq Ömərovun bu mühərriki bütün texnikalar üçün nəzərdə tutaraq ərsəyə gətirməsinə səbəb olub. Mühərrikin əsas özəlliyi onun qənaətcil xarakter daşımasıdır. Bu mühərriki hərəkətə gətirmək üçün suyun sərfiyyatı zamanı itkiyə yol verilmir və sudan təkrar istifadə olunur. Həm də su və yağla işlədiyi üçün benzinlə hərəkət edən mühərriklərdən maddi cəhətdən daha sərfəli hesab olunur.

 

Natiq Ömərov mühərrikin həcmcə kiçik olmasına baxmayaraq, böyük gücə malik olduğunu deyir. O, ixtirasını təkmilləşdirərək gələcəkdə ondan avtomobillərlə yanaşı, traktor, gəmi, qatar və təyyarələrdə istifadə oluna biləcəyini və ona böyük tələbat olacağını qeyd edib. Lazım olan detallar tez bir zamanda tapılarsa, bu mühərrikin hazırlanması 15 gün ərzində mümkün olar. Natiq Ömərov bu mühərrik vasitəsilə hətta su ilə işləyən elektrik stansiyasının yaradılmasını da mümkün sayır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov