ATƏT-in XİN başçıları Kiyevdə toplaşdı

Kiyevdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası başlayıb. APA-nın Kiyevə ezam olunmuş xüsusi müxbiri Viktoriya Dementyevanın məlumatına görə, toplantıda 57 üzv ölkənin nümayəndə heyəti iştirak edir. Tədbir keçirilən binanın qarşısında - Maydanda son günlərdə baş verən hadisələr zamanı saxlanılanların azadlığa buraxılması tələbi ilə 25-30 nəfərin iştirakı ilə dinc etiraz aksiyası keçirilib. Aksiyaçılar əllərində: "Diktaturanı dayandırın!", "Günahsız həbs olunanları azad edin!" və digər siyasi məzmunlu plakatlar tutublar. Hüquq-mühafizə orqanları piketin keçirilməsinə maneçilik törətməyib.

 

ATƏT rəsmiləri yerində vəziyyətlə tanış olmaq üçün dekabrın 4-də Maydanda keçirilən etiraz aksiyasını müşahidə ediblər. Aksiya heç bir insident baş vermədən keçirilib. Ərazidə olan təcili tibbi yardım maşınlarına isə yardım üçün müraciət edilməyib.

 

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb ki,  Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Nazirlər əvvəlcə həmsədrlərin iştirakı ilə danışıq aparıblar, sonra təkbətək görüş keçirilib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub.  Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yüksək səviyyəli sonrakı danışıqlara hazırlıq görmək üçün 2014-cü ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəliblər. Nazirlər qeyd

ediblər ki, bölgə əhalisi həlli çox uzanan münaqişənin həllində tərəqqi gözləyir və buna layiqdir. Nazirlər həmsədr ölkələrin vasitəçilik roluna yüksək qiymət veriblər. 

 

Görüşdə Ukraynanın ATƏT-ə bu ilki sədrliyinin nəticələri, gələcək əməkdaşlıq, inkişaf perspektivləri müzakirə ediləcək. Görüşdə “Helsinki+40” təşəbbüsünün perspektivləri, ATƏT məkanında həlli uzanan münaqişələrin nizamlanması, silahlanma üzərində nəzarət, hərəkət azadlığı və insan kontaktlarının möhkəmləndirilməsi, enerji fəaliyyətinin ətraf mühitə neqativ təsiri, insan alveri ilə mübarizədə beynəlxalq səylərin gücləndirilməsi məsələləri də müzakirə olunacaq.

 

2014-cü il yanvarın 1-dən ATƏT-ə sədrlik İsveçrəyə keçir. 

Müəllif | Apa.Tv
Apa.tv