Puçdemon Belçikada separat görüşlər keçirib - SIĞINACAQ ALA BİLƏR

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon oktyabrın 30-da Belçikada vəkili Pol Bekarla görüşüb.

 

APA TV-nin məlumatına görə, sonuncu həm də vaxtilə "ETA" terror qruplaşmasının da hüquqlarını müdafiə edib. Jurnalistlərə açıqlamasında vəkil müdafiə etdiyi şəxsin siyasi sığınacaq istəməsi faktını təsdiqləməyib.

 

Bu arada Kataloniyanın Brüssel nümayəndəliyi qarşısında toplaşan etirazçılar K.Puçdemonun hakimiyyətdən uzaqlaşdırılmasına etiraz edib. Onlar muxtariyyət rəhbərinin demokratik yolla seçildiyini, bu səbəbdən də geri qayıtmalı olduğunu bildiriblər.

 

Yeri gəlmişkən, hazırda sabiq muxtariyyət liderinin harada olduğu məlum olmasa da, onun Brüsseldə bəyanatla çıxış edəcəyi barədə xəbər yayılıb. Ona sığınacaq verilməsinə gəlincə, Brüsselin miqrasiya siyasəti üzrə dövlət katibliyindən bunu istisna etməyiblər.

 

Rəsmi Madrid isə Brüsselin baş verənlərə analoji yanaşmasından təəccübləndiyini dilə gətirib. İspaniyanın Xarici işlər və Əməkdaşlıq Nazirliyindən bildirilib ki, Avropa ölkələri arasında qarşılıqlı inamın olduğu bir halda Karles Puçdemona Belçikada sığınacaq veriləcəyi ilə bağlı qərar verilməsi qəbuledilməz olardı.

 

Qeyd edək ki, 27 oktyabrda Kataloniya Parlamenti müstəqillik qətnaməsi qəbul etdikdən sonra İspaniya hökuməti Karles Puçdemon başda olmaqla Kataloniya rəhbərliyini istefaya göndərib. 

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov