Milli Məclis yeni "Əsrin müqaviləsi"ni ratifikasiya etdi
Milli Məclisin (MM) növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, MM sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 38 məsələ daxil edilib.
İclas "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti ilə "Azərbaycan (ACG) Limited", "BP Eksploreyşn (Kaspian Si) Limited", "Şevron Xəzər Ltd.", "Ekson Azərbaycan Limited", "İnpeks Sausvest Kaspian Si, Ltd.", "İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk.", "ONGC Videş Limited", "Statoyl Abşeron AS", "Türkiyə Petrolleri A.O." arasında imzalanmış sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi və Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sənədlərin ratifikasiyasının müzakirəsi ilə başlayıb.
Qanun layihəsi barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib. Onun sözlərinə görə, bu gün mövcud kontrakt sahəsində çıxarıla bilən ehtiyatların həcmi 500 mln. tona yaxındır. Qiymətləndirmələrdən sonra bu ehtiyatın daha çox olacağı gözlənilir.
Komitə sədri qeyd edib ki, podratçı şirkətlər tərəfindən 3 milyard 600 milyon dollar illik 8 bərabər hissələrlə, yəni hər il 450 mln. dollar bonus ödəniləcək. Onun sözlərinə görə, yeni saziş 2049-cu il dekabrın 31-dək qüvvədə olacaq.
Deputat Vahid Əhmədov qeyd edib ki, sentyabr-oktyabr ayları Azərbaycan üçün çox uğurlu hadisələrlə yadda qalıb: “Sentyabr ayında çox mühüm əhəmiyyətə malik olan yeni neft müqaviləsi imzalandı. Oktyabrda isə Bakı-Tiflis-Qars dəmir yolunun açılışı həyata keçirildi və dünən ilk yük qatarları yola salındı. Bu, Azərbaycanın tarixi qələbəsidir. Belə bir mühüm layihənin reallaşmasında əməyi olan hər kəsə minnətdarlıq edirəm, siyasi iradəsinə görə Azərbaycanın dövlət başçısına təşəkkürümü bildirirəm”.
Deputat Əli Məsimli də öz növbəsində Milli Məclisin çox tarixi bir sazişi müzakirə etdiyini bildirib.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, bu layihəni xəyal adlandırırdılar, onlar layihənin gerçəkləşəcəyinə inanmırdılar. Tarix bu fikirlərin xülya olduğunu göstərdi: “O zaman bu müqaviləni bəyənməyənlərdən hazırda Milli Məclisin iclasında oturanlar da var, sazişi dəstəkləyirlər. Digərləri də zamanla başa düşəcəklər. Azərbaycan prezidenti İlham Əliyev sözünün üstündə duran şəxs kimi tanınır, dəstəklənir”.
Müzakirələrdən sonra Milli Məclis yeni "Əsrin müqaviləsi" kimi tanınan sənədi ratifikasiya edib.
İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" qanuna eyni məzmunlu dəyişiklik layihəsi müzakirə olunub. Layihəyə əsasən avtomobillərin parklanması ilə bağlı "müddətin bitməsinə 1 saat qalmış" sözləri "müddət bitdikdən sonra 1 saat ərzində" sözləri ilə əvəz edilir. Layihələr səsə qoyularaq qəbul olunub.
Bundan başqa, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib. Müzakirələrdən sonra sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb.