Nümayəndələrin fəaliyyətini məhdudlaşdıran qanun qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

 

APA TV-nin məlumatına görə, hər üç sənədə eyni dəyişikliyi nəzərdə tutan layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı olub.

 

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məqsəd məhkəmələrin işinin səmərələşdirilməsidir. O qeyd edib ki, Avropa praktikası nümunə kimi götürülərək, fiziki şəxslərin nümayəndə kimi iştirakının (qanuni nümayəndələrin) ləğvi təklif olunub: “Amma bəzi təkliflər nəzərə alınaraq, keçid müddəalar layihəyə salındı”.

 

Dəyişiklərdən sonra yeni layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Digər yenilik isə ondan ibarətdir ki, məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.

 

Dəyişikliklər qəbul olunacağı təqdirdə, 2017-ci il dekabrın 1-dən qüvvəyə minəcək.

 

Müzakirələr zamanı deputat Zahid Oruc layihənin əleyhinə çıxıb, fikrini ölkədə vəkil çatışmazlığı, hazırda fəaliyyət göstərən qanuni nümayəndələrin narazı salınması və digər məsələlərlə əlaqələndirib.

 

Deputat Fazil Mustafa da dəyişikliklərin əleyhinə olduğunu bildirib, bu sahədə doğru alternativin hələ hazır olmadığını, dəyişikliklərin heç olmasa 6 aya qədər təxirə salınmasını təklif edib. Deputat bunun hüquqşünaslar arasında ciddi narazılıq yaradacağını, məsələnin beynəlxalq təşkilatlar tərəfindən də tənqidlə qarşılanacağını bildirib.

 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsini qəbul etmək lazımdır: “Fazil Mustafaya demək istəyirəm ki, biz ona görə qanun qəbul etmirik ki, xaricdə hansısa dairənin xoşuna gələk. Ola bilsin, elə qanunlar var ki, bizim lehimizədir, amma xaricilər bunu istəmir”.

 

Vitse-spiker Valeh Ələsgərov da nümayəndəlik institutunun fəaliyyətinin bərbad olduğunu deyib, bu sahədəki problemin yalnız bu yolla həllinin mümkünlüyünü vurğulayıb.

 

Deputat Musa Quliyev bildirib ki, buna etiraz edən deputatlara arqumentli cavab verilməlidir: “Bununla belə, mən dəyişikliklərin lehinəyəm”.

 

İclasda iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova bildirib ki, bütün mübahisəli məqamlarla bağlı müzakirələr aparılıb: “Burada fikirlər səsləndi ki, işsizlər ordusu yaranacaq. Amma nümayəndələr onsuz da bu sistemin işçiləri deyildi. Biz nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdırırıq”.

 

İclasa sədrlik edən I vitse-spiker Ziyafət Əsgərov layihələrin qəbulunun lehinə olduğunu deyib: “Mən hesab edirəm ki, bunu qəbul etsək, vəkillik institutu daha da işlək olacaq, buna zərurət yaranacaq”.

 

Layihə səsə qoyularaq qəbul olunub.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı