Kamran Həsənli - Samir Piriyev qalmaqalı

Ötən ilin mart ayında teleaparıcı, şoumen Kamran Həsənli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

 

APA TV-nin məlumatına görə, müğənni Samir Piriyevin şikayəti əsasında fakt üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

 

Müğənni bəyan edib ki, teleaparıcı onun 80 min dollarını mənimsəyib. Daha sonra aprelin 2-də Samir Piriyev mətbuat konfransı keçirərək məsələnin detallarını açıqlayıb. O bildiribki, 2009-cu ildə Kamran Həsənli ona Türkiyədə Ərhan Yılmaz adlı şəxsin rəhbərlik etdiyi "BeyPet" şirkətində səhmlər əldə etmək barədə təklif verib. O da razılaşıb və K.Həsənliyə 80 min dollar məbləğində pul verib. Lakin sonra K.Həsənli daha çox məbləğə ehtiyac olduğunu bildirib. Bu isə S.Piriyevi qane etməyib və o, səhmlərdən imtina etmək qərarına gəlib. Lakin qarşı tərəf pulu qaytarmaqdan imtina edib. Məsələnin hüquq müstəvisinə qalxmasının səbəbi də elə budur.

 

Bu dəfə isə Kamran Həsənli mətbuat konfransı təşkil edərək nəinki günahsız, hətta zərərçəkmiş olduğunu bildirib. Kamran Həsənli qeyd edib ki, “BeyPet” şirkəti 1994-cü ildən mövcuddur. Sadəcə, şirkəti böyütmək üçün yeni ortaqlara ehtiyac olub: “Səhmlərin 5%-ni əldə etmək üçün 250 min avro verməli idi. O, 115 min dollar verdi. Sonra da pulu gətirmədi. “Gətirəcəyəm” dedi, gətirmədi. Birdən-birə dedi ki, “pulumu geri qaytarın”. Biz də dedik ki, pul olsa idi, şərik axtarmazdıq. Mən evimi satıb ora qoymuşam. Mən Samirdən altı dəfə artıq itirmişəm. 300 min avro itirmişəm. Bu iş bitməlidir. 2 ildir uzanır. Bu biznesdir, mülki işdir. Mən bütün həyatımı itirmişəm. Bəs mən pulumu kimdən alım?”

 

Kamran Həsənli bildirir ki, Samir Piriyevin verdiyi pul maliyyə böhranı səbəbi ilə batıb: “Samir görüb ki, şirkət müflis olub, pul bata bilər. Qərara gəlib ki, pulu Kamrandan alsın və başlayıb mənə şər atmağa. Qadın ağlayanda adamın ürəyi ağlayır. Kişi ağlayanda isə... Başladı ki, boşanmışam, aliment verə bilmirəm. Şirkət hələ müflis olmamışdı. Elə bilirdik ki, satılacaq, hamımız pulumuzu götürəcəyik. 15 min Ərhandan aldı. Mənim isə maşından başqa heç nəyim yox idi. İstəyirsən satım verim sənə? Elə də etdim”.

 

Vəkil Türkel Süleymanlı da Samir Piriyevi yalan danışmaqda ittiham edib: “Bu iş qeyri-qanuni əsaslarla başlayıb. Bu mülki işdir. Şəriklik məsələsinə İnzibati-İqtisadi Məhkəmədə, ya da rayon məhkəməsində baxılmalıdır. Nərimanov rayon prokuroru Vüqar Əliyev 3 mart 2016-cı il tarixli qərarında yazır ki, Alanya şəhərində guya YDM və başqa obyektlər mövcud deyil. Bunu Samir yazıb ilkin ifadəsində. Daha sonra bizim israrlarımızdan sonra Samir etiraf etdi ki, obyektləri görüb”.

 

Müğənni Samir Piriyev isə Kamran Həsənlinin iddiasını “ağ yalan” adlandırıb: “Mənə dedi ki, narahat olma, pulum batsa belə, evim-filan var. Maşınını da verdi. Çünki mən ehtiyatımı tutan adamam. O qədər ağ yalan danışır ki. Mən ona pulu verəndə obyekti görməmişdim. Pulu verdim və Türkiyəyə getdim ki, obyekti gördüm. Özünə də dedim ki, yalnız obyekti görəndən sonra sənə inanacağam. Mənə dedi ki, sən gedəndə səhmlər sənin adına keçiriləcək. Bu gün-sabah dedilər, gördüm ki, başlayıblar fırlatmağa. Dedim ki, istəmirəm, pulumu qaytarın”.

 

Kamran Həsənli isə pulu artıq hesaba yatırıbmış. Samir Piriyev də ondan icazəsiz belə hərəkət etdiyi üçün qarşı tərəfi bağışlamır. Daha sonra Kamran Həsənli ayrı-ayrılıqda 15 və 20 min avro məbləğində pul verib.

 

İstintaq araşdırmaları davam edir.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli