İsmayıllıda güclü yanğın bir fermanı göyə sovurdu
İsmayıllı rayonundakı fermaların birində baş vermiş güclü yanğın mal-qara arasında kütləvi tələfatla nəticələnib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Zərnava kəndində qeydə alınıb.
Kənd ərazisində yerləşən və ümumi sahəsi 3500 kvadratmetr olan fermada baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər alovu ram edərək, onun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb. Yanğın zamanı ferma tamamilə yanaraq yarasız hala düşüb.
Hadisə zamanı Zərnava kənd sakinləri Kamal Allahverdiyev, Ötər Budiyev və Ağdam rayonundan olan məcburi köçkün Vaqif Məmmədova məxsus 7 ədəd iri buynuzlu və 5 baş xırda buynuzlu heyvan, 23 ton arpa və 1500 ədəd ot bağlaması yanaraq tələf olub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.