Özbəkistanlı Nyu-Yorkda terror aktı törətdi - 8 ÖLÜ, 15 YARALI
ABŞ-ın Nyu-York şəhərinin mərkəzində atışma olub, insident nəticəsində bir neçə nəfərin öldüyü bildirilir. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident məktəbin yaxınlığında baş verib.
Məlumata görə, yük maşını idarə edən şəxs avtomobili velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb. Daha sonra məktəb avtobusu ilə toqquşan avtomobildən düşən silahlı sürücünü polislər atəş açaraq yaralayıb. Atışma nəticəsində 8 nəfər ölüb, azı 15 nəfər isə yaralanıb.
Silahlının şəxsiyyəti müəyyən edilib. Həmin şəxsin Florida ştatının sakini Sayfullo Saipov olduğu bildirilir və o hazırda dindirilir. Saxlanılan 29 yaşlı şəxsin Tampa şəhərində yaşadığı qeyd olunur. Məlumata görə, Sayfullo Saipov Özbəkistan vətəndaşıdır.
İnsident polis tərəfindən terror aktı kimi qiymətləndirilib, istintaq Federal Təhqiqatlar Bürosu tərəfindən aparılır. Nyu-York meri Bill de Blazio hadisə yerinə gəlib. Hadisə barədə ABŞ prezidenti də məlumatlandırılıb.