"Qarabağ" bir daha "Atletiko"nu məyus etdi - QƏLƏBƏYƏ YAXIN OYUN
Çempionlar Liqasında II dövrəyə start verilib. APA TV xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” IV turun ilk oyun günündə meydana çıxıb.
Ağdam təmsilçisi səfərdə “Atletiko” ilə görüşüb. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunmuş “Metroplitano” stadionunda keçirilib. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların duelində qalib müəyyənləşməyib. Qrupda qələbəsi olmayan Qurban Qurbanovun yetirmələri səfərdən 1 xalla dönməyi bacarıb.
Oyunda hesabı təmsilçimiz açıb. Miçel 40-cı dəqiqədə künc zərbəsindən ötürülən topu effektli baş zərbəsi ilə tora göndərib. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə komandalar oyuna daha da fəal başlayıb. Hətta "Qarabağ" ikinci qolunu vurmağa çox yaxın idi, ancaq dəqiqlik çatmadı. Rəqib isə təzyiqi artırmağa başladı ki, nəticədə bu istəyinə 56-cı dəqiqədə nail olub. Tomas əla qola imza atıb.
3 dəqiqə sonra isə "Qarabağ" meydanda azlıqda qalıb. Dieqo Qodinin üzünə ayaqla zərbə endirən Pedro birbaşa qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb. Bu məqam futbolçularımızın fəallığında da özünü göstərdi.
Meydan sahiblərinin say üstünlüyü isə yarım saat çəkib. Bu müddətdə hesabda önə keçə bilməyən Dieqo Simeonenin komandası 88-ci dəqiqədə Saviçi itirib. Serb müdafiəçi ikinci "sarı" ilə oyunu tərk edib.
Qalan dəqiqələrdə başqa qol olmayınca matç 1:1 hesablı bərabərliklə başa çatıb. Oyun daha çox "Qarabağ"ın əzmkarlığı və güclü müdafiə olunması ilə yadda qalıb.
Bu nəticə ilə “Qarabağ”ın 1/8 final şansları davam edir.