Sofiyada Hüseyn Cavidin 135 illiyi qeyd olundu
Sofiyada görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA TB-yə verilən xəbərə görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, AMEA nəzdində Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfrans “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan prezidentinin 24 oktyabr 2017-ci il tarixli sərəncamından sonra dahi dramaturqun xatirəsinə həsr olunan ilk tədbirdir.
Konfransda Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, Bolqarıstanın Baş müftisi Mustafa Hacı, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri, şair və yazıçılar iştirak ediblər.
Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli, AMEA nəzdində Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov, Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin “Türkologiya və Altayşünaslıq” kafedrasının rəhbəri İrina Sarıivanova, universitetin nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska çıxış ediblər.
Məruzəçilər Cavid yaradıcılığının müxtəlif cəhətlərinə toxunub, onun əsərlərinin qısa təhlilini verib, dramaturqun Azərbaycan ədəbiyyatına töhfəsindən, əsasını qoyduğu ədəbi cərəyandan, ədibin yaratdığı obrazlar və onların xüsusiyyətlərindən bəhs ediblər.
Konfrans çərçivəsində həmçinin dramaturqun bolqar dilinə tərcümə edilmiş “Maral” və “Şeyda” əsərlərinin təqdimatı keçirilib, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin tələbələrinin ifasında Azərbaycan və bolqar dillərində sözügedən əsərlərdən hissələr səsləndirilib.