Neft son iki ilin rekordunu yenilədi - QİYMƏTLƏR BAHALAŞIR
"Brent" markalı neft 2015-ci ildən bu yana ilk dəfə 61 dollardan baha satılmağa başlayıb.
APA TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanı və Rusiya rəsmilərinin mart ayında bitəcək istehsalın azaldılması razılaşmasının vaxtının uzadılması barədə fikirləri, ABŞ-da neft ehtiyatlarının, İraqdan ixrac olunan neftin həcminin azalması qiymətləri artıran əsas səbəblərdir.
Amerika Neft İnstitutunun hesabatına görə, ölkənin xam neft ehtiyatları ötən həftə 5,09 milyon barel, benzin ehtiyatları isə 7,7 milyon barel azalıb. ABŞ Energetika Nazirliyinin açıqlayacağı rəsmi hesabatda da ehtiyatların son altı həftədə beşinci dəfə azalacağını göstərməsi gözlənilir.
Mütəxəssislər qiymətlərin bahalaşmasının ABŞ-da istehsalın artmasına təkan verəcəyini bildirir. Bu ölkə ixracı artırdıqca ehtiyatlar azalır, bu isə qiymətləri bahalaşdırır. Qiymətlərin bahalaşması isə ABŞ-da qaya neftinin hasilatını səmərəli edir.
Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 61,30 dollardan təklif olunur. Qərbi Texas nefti isə 54,76 dollardan satılır.
Azərbaycan nefti də bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 73 sent artaraq 62,20 dollar təşkil edib.