İraqda İsrail bayrağı qadağan edildi - BƏRZANİNİ DƏSTƏKLƏDİYİNƏ GÖRƏ

İraqda İsrail bayrağının kütləvi yerlərdən asılması, habelə nümayişi qadağan edilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölkə parlamenti bu əməlin cinayət tərkibi yaratması ilə bağlı qərar qəbul edib.

 

Bu qərarın səbəbi açıqlanmasa da, onun İsrail tərəfindən Şimali İraqın müstəqilliyinə dəstək göstərilməsinə cavab olduğu ehtimal edilir.

 

Xatırladaq ki, Şimali İraqdakı referendumdan bir qədər əvvəl İsrailin baş naziri Benyamin Netanyahu kürd xalqının müstəqillik ideyasını dəstəkləyən bəyanat verib. "İsrail terrora hər zaman qarşı olub. Bununla belə, ölkəmiz kürd xalqının müstəqillik əldə olunması yolundakı səylərini dəstəkləyir" - deyə, İsrailin hökumət başçısı bildirib. İsrail bayraqları da kürdlərin nümayişlərinə məhz bu bəyanatdan sonra çıxarılıb.

 

Qeyd edək ki, Şimali İraqda referendum 25 sentyabr tarixində keçirilib. Oktyabrın ortalarında mübahisəli ərazilərdə hökumət qüvvələri ilə kürdlər arasında silahlı toqquşmalar qeydə alınıb. Bunun nəticəsində İraq hərbçiləri Kərkük şəhərinə nəzarəti ələ keçirib. Oktyabrın 29-da isə Kürd muxtariyyətinin lideri Məsud Bərzani istefa verdiyini açıqlayıb.

 


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov