Ərdoğanın sözçüsü: "İraqda kürdləri cəzalandıracağımızla bağlı yayılan məlumat şayiədir"
"Biz Şimali İraq Kürd Muxtariyyətinin səhv yoldan geri dönməsini istəyirik". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
O qeyd edib ki, Bərzani liderliyində keçirilən "referendum"un nəticələri ləğv olunmalı, həmçinin bölgədə planlaşdırılan prezident və parlament seçkilərindən vaz keçilməlidir.
Kalın bildirib ki, Telaferdən Türkiyəyə sığınan vətəndaşların öz evlərinə qayıtması vacibdir.
"Kərkük və İraq türkmənləri məsələsində bizim hər hansı bir etnik qrupla problemimiz ola bilməz. İraqın şimalındakı kürdlərin cəzalandırılmasını istədiyimiz barədə yayılan söz-söhbət cəfəngiyyatdır" - deyə, o qeyd edib.
Peşmərgənin Halil İbrahim sərhəd qapısını İraq ordusuna təslim etməsini alqışladıqlarını deyən İbrahim Kalın, Türkiyənin Habur keçid məntəqəsini bundan sonra bağlamayacaqlarını, insanların sərbəst gediş-gəlişinin davam edəcəyini bildirib.
İraqın İŞİD-dən və PKK terrorçularından təmizlənməsini məmnuniyyətlə arzuladıqlarını vurğulayan Ankara rəsmisi bu istiqamətdə Bağdada dəstəyə hazır olduqlarını bəyan edib.
"Türkiyə prezidenti bir çox səbəbə görə Şimali İraq Kürd Muxtariyyəti lideri Məsud Bərzanini qəbul edib, hazırda bölgənin baş naziri Nərçivan Bərzaninin də görüş istəyi var, bu dəyərləndirilir. Ərbilin bu görüşün baş tutması üçün addımlar atması lazımdır" - deyə, Kalın əlavə edib.