Bakıda evdən külli miqdarda pul oğurlayanlar ələ keçdi
Bakıda daha bir quldurluq cinayətinin üstü açılıb.
APA TV-nin məlumatına görə, oktyabrın 18-də Nizami rayon sakini Yuri Maksimovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat, 6000 ABŞ dolları və 22750 rubl pulunu, eləcə də qol saatını oğurlayan şəxslər həbs olunub.
Müstəntiq Rövşən Xanbabayevin sözlərinə görə, Nizami Rayon Polis İdarəsinə məlumat daxil olan kimi əməliyyatçılar hadisə yerinə yollanaraq mənzildən müvafiq əl-barmaq izləri götürüblər: “Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Quliyev tərəfindən törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat nəticəsində R.Quliyev saxlanılıb”.
Qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən digər şəxs - Kamal Fərhadov bir neçə gün əvvəl Xətai RPi-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq məsuliyyətə cəlb edilib: "Qapını döyüb girdik içəri. Pullarını alıb, çıxıb getdik".
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.