İran və Azərbaycan prezidentləri Tehranda görüşdü

Noyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasına işgüzar səfərə gəlib.

 

APA TV-nin məlumatına görə, Tehranın Mehrabad hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident İlham Əliyevi İranın iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasian və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

 

Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub.

 

Görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib. Son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirildi, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

 

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verib. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olunub, regional məsələlərə toxunulub, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər.

 

Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, ticarət dövriyyəsinin keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artması yüksək qiymətləndirilib. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulanıb.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov