Oğrunun oğlu olduğunu bilmədi, dəymiş zərəri şişirtdi - FAKT POLİSDƏ ORTAYA ÇIXDI

Oktyabrın 31-də Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Qaradağlı kənd sakini Fərhad Həsənov evindən 3500 manat, 1400 dollar və 100 manat dəyəri olan qızıl sırğanın oğurlandığı barədə məlumat verib.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlayan Bərdə RPŞ-in  əməkdaşları qısa vaxt ərzində şübhəli şəxsin izinə düşüblər. Həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun zərərçəkənin oğlu Mədət Həsənov olduğu aydın olub.

M. Həsənov ifadəsində törətdiyi oğurluq əməlini etiraf edib. O, izahatında evdən 1700 dollar və 100 manat dəyərində sırğanı oğurladığını bildirib. Lakin bu zaman paradoksal bir fakt da üzə çıxıb. Saxlanılan şəxs atasının iddia etdiyi kimi 3500 manat pulu evdən götürmədiyini deyib. F. Həsənovun oğurluğun məbləğini bilərəkdən şişirtməsi faktı ortaya çıxıb.

Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

 

 

 

Müəllif | Apa.Tv