Rusiyalı ekspert: “Dağlıq Qarabağ de-fakto Gömrük İttifaqının ərazisi olacaq”

 

 

“Dağlıq Qarabağın Gömrük İttifaqının tərkibinə daxil edilməsi barədə heç bir siyasi qərar olmayacaq”. Bu açıqlamanı Vesti.az saytına Rusiyanın tanınmış ekspertlərindən Viktor Yaduxa verib.

 

Onun sözlərinə görə, nə Minsk, nə Astana, nə də Moskva buna yol verməz: “Hətta Gömrük İttifaqının üzvləri Ermənistan naminə bu riskə getsələr belə, Qarabağın iqtisadi dəyəri çox azdır. Nəzərə almaq lazımdır ki, Qazaxıstan gələcəkdə öz enerji daşıyıcılarının böyük bir qismini Azərbaycan ərazisindən nəql etməyi planlaşdırır, Belarus isə Azərbaycandan alternativ yolla yanacaq nəql etməyi düşünür. Məsələyə hüquqi deyil, real nöqteyi-nəzərdən yanaşsaq, onda hesab etmək olar ki, bəli, Qarabağ de-fakto Gömrük İttifaqına daxil olacaq. Həm də bir neçə ildən sonra Moskvanın supermarketlərindən sərbəst şəkildə “Artsax” tut arağı almaq mümkün olacaqsa, nədən söhbət gedə bilər? Kim deyə bilər ki, bu araq Qarabağda, yaxud başqa yerdə çəkilib? Bunlar yalnız detallardır".

Siyasi Ekspertlər Qrupunun rəhbəri, politoloq Konstantin Kalaçov da qondarma "Dağlıq Qarabağ Respublikası"nın Gömrük Birliyinə üzv olmasına dair Ermənistan rəsmilərinin açıqlamalarını əsassız sayır: “Qarabağın Gömrük Birliyinə üzv olmaq ehtimalı Şimali Kiprin Avropa Birliyinə üzv olması ehtimalına bərabərdir. Mən belə ehtimala inanmıram”.

 

Qeyd edək ki, Ermənistan Respublika Partiyasının parlament fraksiyasının həmsədri Qaqik Minasyan bəyan edib ki, Dağlıq Qarabağ Gömrük İttifaqının ərazisi olacaq. O hesab edir ki, bu ittifaqın üzvü olan Ermənistanın idxal etdiyi məhsullar sərbəst şəkildə Dağlıq Qarabağ ərazisində də satıla biləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv