ABŞ-ın neft ehtiyatları yenə azaldı, qiymətlər yüksəlir

ABŞ Energetika Nazirliyi ölkənin neft ehtiyatlarının ötən həftə ərzində azaldığını təsdiqləyib. APA TV-nin məlumatına görə, nazirliyin hesabatında ehtiyatların 2,4 milyon barel azaldığı bildirilir.  Analitiklər ehtiyatların 1,7 milyon, Amerika Neft İnstitutu isə 5,1 milyon barel azalacağını proqnozlaşdırmışdı.

 

Ölkədə benzin ehtiyatlarının, dizel yanacağı ehtiyatlarının isə 300 min barel 4 milyon barel azaldığı bildirilir. Bu hesabat neftin qiymətinin 60 dollardan yuxarı həddə qalmasına imkan verib. Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 60,52 dollardan satılır, Qərbi Texas nefti isə 54,24 dollara satılır. Bugünkü qiymətlər ABŞ-dan qaynaqlanan faktorlar əsasında formalaşsa da, iki marka arasında qiymət fərqi yenə də 6 dollardan yüksək olaraq qalır.

 

"AzeriLight" markalı neftin qiyməti də bahalaşıb. Hazırda bu markadan olan neft 62,40 dollara satılır.

 

Sabah ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayına dair hesabat açıqlanacaq. Hesabatda buruqların sayının növbəti dəfə azalacağı gözlənilir. Qaya neftinin hasilatı 45 dollar üzərindəki qiymətlər fonunda səmərəli hesab olunur, buna rəğmən ABŞ-da artıq dördüncü həftədir ki, buruqların sayı azalmaqda davam edir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı