Xamneyi Putinlə görüşdü: "Birləşsək, ABŞ-ı dünya arenasından təcrid edərik"

"Əgər İran və Rusiya koordinativ şəkildə fəaliyyət göstərərlərsə, ABŞ-ı beynəlxalq arenadan təcrid edə bilərlər. Yaxın Şərqdə sülhü bərqərar etmək üçün hər iki ölkə güclərini birləşdirməlidir".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu İranın ali dini lideri Ayətullah Əli Xamneyi bildirib. O, həmçinin Rusiya prezidenti V. Putinin kifayət qədər güclü şəxsiyyət olduğunu vurğulayıb.

 

Xamneyi eyni zamanda Rusiya prezidentinin iki ölkə arasında əməkdaşlığı genişləndirmək barədə təklifini alqışlayıb. Beynəlxalq koalisiyanın Suriyadakı addımlarını tənqid eləyən dini lider məhz bu səbəbdən Suriya böhranının həllini gözləməyin yersiz olduğunu bildirib.


"Suriyada yaşanan problemlərin həlli açarını elə ölkə daxilində axtarmaq və Suriya hökumətinə bu planların icrasında mane olmamaq lazımdır" - deyə, Xamneyi bildirib.

 

Öz növbəsində Vladimir Putin də İranın dini rəhbəri ilə danışıqları əhatəli və faydalı olaraq qiymətləndirib. Kreml rəhbəri bildirib ki, rəsmi Moskva İranla səmərəli əməkdaşlıqda maraqlıdır. V. Putin eyni zamanda Xamneyinin Suriya məsələsi ilə bağlı fikirlərinə şərik çıxaraq, bu məsələdəki əməkdaşlıqda irəliləyişə nail olunduğunu deyib.

 


 



 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov