Xüsusi əməliyyatın təfərrüatları: "Qoca" və dostu öldürüldü, digəri yaralı ələ keçdi
Bakının Qaradağ rayonunda "Qoca" ləqəbli kriminal avtoritetin tutulması məqsədilə keçirilən xüsusi əməliyyatın bəzi təfərrüatları məlum olub. APA-nın məlumatına görə, avtoritetin gizləndiyi yeri müəyyənləşdirən hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı "Qoca" ləqəbli Etibar Məmmədov, İlqar Əzimov və Anar Əsgərov polisə silahlı müqavimət göstəriblər. Müqavimət göstərən şəxslərdən Etibar Məmmədov və İlqar Əzimov məhv edilib, Anar Əsgərov isə yaralanıb.
Çiyin sümüyündən güllə yarası alan Anar Əsgərov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Mərkəzin baş həkimi Ədalət Dadaşov APA-ya açıqlamasında Anar Əsgərovun vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib. O bildirib ki, 1988-ci il təvəllüdlü A. Əsgərovun həyatı üçün həyati təhlükə yoxdur. Qol sümüyü sınan Əsgərovun bədənindən güllə çıxarılmayıb. Həkimlər müvafiq tibbi müdaxilə etdikdən sonra Anar Əsgərov ifadə vermək üçün istintaqa təhvil veriləcək.
Qeyd edək ki, ötən həftə Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
Bir neçə gün əvvəl məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla əlaqədar Penitensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub və işdən azad edilib.