Türkiyə Cümhuriyyətinin 94 illiyi Bakıda qeyd olundu
Türkiyə Cümhuriyyətinin elan edilməsinin 94-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
APA TV-nin məlumatına görə, Türkiyənin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qəbulda çıxış edərək ölkəsinin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan danışıb. O qeyd edib ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafından danışan diplomat deyib ki, qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır.
Sonra Erkan Özoral prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.
Rəsmi qəbulda çıxış edən baş nazirin müavini Abid Şərifov Azərbaycan hökuməti adından Türkiyə dövlətini və xalqını əlamətdar bayram münasibətilə təbrik edib. O bildirib ki, Türkiyə hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yol keçib.
"Azərbaycan daim Türkiyənin dəstəyini və diqqətini hiss edib, bu gün də hiss edir. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Qarşılıqlı dəstək əlaqələrin daha da genişlənməsinə təkan verir. Ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Türkiyə hər zaman Azərbaycanı dəstəkləyir".
Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə düşməsini böyük uğur adlandıran Abid Şərifov bu layihəni qədim "İpək yolu"nun bərpası kimi dəyərləndirib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.