Azərbaycan, İran və Rusiya əməkdaşlığı genişləndirir - PREZİDENTLƏRİN MƏTBUAT ÜÇÜN BƏYANATLARI
Tehranda keçirilən üçtərəfli görüş başa çatdıqdan sonra Azərbaycan, İran və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
APA TV-nin məlumatına görə, İran prezidenti Həsən Ruhani bildirib ki, keçirilən görüş üç ölkənin dostluğuna və qonşuluğuna əsaslanır. Bakı və Tehran görüşlərində bir çox mühüm məsələlərin müzakirə olunduğunu deyən İran prezidenti bildirib ki, dövlət başçıları əsas diqqəti üç ölkə arasında tranzit məsələlərinə yönəldiblər. Asiya və Avropanı birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan, Rusiya, Şərqi və Şimali Avropadan keçdiyini deyən Ruhani dəniz nəqliyyatı sahəsində də əməkdaşlığın genişləndirilməsi barədə qərar qəbul edildiyini bildirib. Bundan başqa tərəflər üç ölkənin bir-biri ilə ikitərəfli və üçtərəfli ticari mübadilələrdə öz milli valyutalarından istifadə imkanlarını müzakirə ediblər.
Azərbaycan prezidenti İlham Əliyev üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti olduğunu deyib. Azərbaycanın dünyada həm Rusiya ilə, həm İranla quru sərhədinə malik yeganə ölkə olduğunu xatırladan dövlət başçısı bildirib ki, bu coğrafi amil bütün sahələrdə çox uğurlu əməkdaşlığı diktə edir.
Ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsini 60, İranla ticarət dövriyyəsini isə 70 faiz artırdığını xatırladan prezident İlham Əliyev bildirib ki, bu rəqəmlər Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini göstərir və dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin iqtisadiyyatımıza ciddi təsir göstərmədiyini təsdiqləyir. Dövlət başçısı neftin qiymətinin sabitləşməsində bu üç ölkənin çox böyük rolu olduğunu deyib, OPEK və qeyri-OPEK ölkələrinin səmimi əməkdaşlığı sayəsində hazırda neftin qiymətinin məqbul səviyyəyə qalxdığını xatırladıb.
Rusiya prezidenti Vladimir Putin mətbuata bəyanatında bildirib ki, hər üç ölkənin iri karbohidrogen istehsalçısı olduğunu xatırladıb. OPEK çərçivəsində əlaqələndirmənin artıq öz müsbət nəticələrini verdiyini deyən Rusiya prezidenti bildirib ki, Moskva İranın şimalına Azərbaycanın boru kəməri nəqliyyat sistemləri ilə qazı göndərməyə hazırdır. Prezident İlham Əliyevlə tez-tez görüşdüyünü deyən Vladimir Putin bu görüşlərdə mühüm istiqamətlər üzrə mövqelərin dəqiqləşdirildiyini deyib və qarşılıqlı fəaliyyətimizin perspektiv istiqamətləri barədə danışıqlar aparıldığını vurğulayıb. İran prezidenti ilə danışıqların da çox məhsuldar keçdiyini deyən Rusiya prezidenti əsasən regionda təhlükəsizliklə bağlı vəziyyətin, İranın nüvə problematikası ilə əlaqədar müqavilənin və Suriyadakı vəziyyətin müzakirə olunduğunu bildirib.
Mətbuat üçün bəyanatlardan sonra dövlət başçıları rəsmi ziyafətdə iştirak ediblər.