"Nəvəmə ürəyimi verməyə hazıram" - ALTI AYLIQ SÜBHANIN ƏMƏLİYYATA EHTİYACI VAR
Goranboyda yaşayan Sübhan Rəsulzadə altı ay əvvəl ürək qüsurlu doğulub. APA TV-nin xəbərinə görə, körpənin ürək əməliyyatına ehtiyacı olsa da, ailənin maddi durumu buna imkan vermir.
Sübhanın nənəsi Afaq Rəsulova deyir ki, altı nəfərlik ailədə yalnız bir nəfər işləyir. O da Sübhanın atasıdır. Üç övlad atası olan ata ailənin xərclərini qarşılaya bilmir. Əsasən heyvandarlıqla məşğul olan ailənin ağbirçəyi qeyd edib ki, Sübhan ana bətnində olarkən ürək qüsurlu doğulacağını biliblər. Hamiləlik dönəmində Sübhanın anası müayinə olunsa da, müalicə ala bilməyib.
Afaq xanım deyir ki, Sübhan ailənin 3-cü övladıdır. Onun özündən böyük 5 yaşlı qardaşı və 3 yaşlı bacısı var. Uşaqlardan ikisi də doğuşdan xəstə olub, sonra müalicə nəticəsində yaxşılaşıblar: "O biri nəvələrim də doğulanda xəstə olublar. Onları birtəhər müalicə etdirdik. Ailəmiz işsizdir. Buna görə heç bir yerdən aylıq məvacib ala bilmirik. Hətta sosial yardım və pensiya da almıram. Altı nəfərlik ailədə bir oğlum işləyir. Əslində gəlinim hamilə olanda yaxşı müalicə olunmalıydı. Amma pul tapmadıq" .
Sübhanın nənəsi deyir ki, uşaq yeni doğulanda həkimlər əməliyyatı məsləhət görməyiblər: "Hər dəfə vəziyyəti pisləşdikcə xəstəxanaya apardıq. Sonuncu dəfə lap ağırlaşdı. Gəncədə Şirin doktorun yanında müalicə alırdı. Adi qrip olanda belə uşağın vəziyyəti gərginləşir".
Ailənin ümidi imkanlı şəxslərədir: "Üzümü tutub bütün imkanı çatan şəxslərdən kömək diləyirəm. Mənim Sübhanıma kömək eləsinlər Yeri gəlsə, mən ürəyimi verərəm. Yetər ki, balam vaxtında əməliyyat olunsun, yaşasın".
Sübhanın ana nənəsi də nəvəsinin sağalması üçün ailəyə kömək olunmasını istəyir: "Uşaq doğulan gündən xəstəxanalardadır. İlk günlər dedilər keçib gedəcək. Həkimlər dedilər ürəyində küy var. Altı ay gözlədik, amma bir irəliləyiş olmadı. Bundan sonra Mərkəzi Klinik Xəstəxanaya apardıq. Doktor Vəli Behbudov müayinə elədi. Ürəyində yırtıq var. Bundan sonra Gəncə Dövlət Xəstəxanasına apardıq, burda da təcili əməliyyat lazım olduğunu dedilər. İndi uşağın vəziyyəti daha da pisləşib".
Yardımınızı əsirgəməyin!