Yaqub Mahmudov: "Azərbaycan Xalq Cümhuriyyəti dünyada ən demokratik respublika idi"

Bakıda “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun, “Azərbaycan Tarix Qurumu” və “Azərbaycan Tarixçiləri” ictimai birliklərinin təşkil etdiyi konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

 

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın tarixində ən şanlı səhifələrdən biridir: "Dünyada yeni demokratik respublikaların yarandığı dövrdə Xalq Cümhuriyyəti parçalanmış Azərbaycan torpağında xalqımızı ayağa qaldıraraq dünyanın ən demokratik dövlətini yaratdı. Bu gün dünyaya cəsarətlə söyləyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti o zaman üçün təkcə Şərqdə demokratik parlamentli respublika olaraq qalmayıb, eyni zamanda dünya tarixində ən demokratik respublika idi. Azərbaycanın şimal torpaqlarına Azərbaycan adının dövlət səviyyəsində verilməsi Cümhuriyyətlə bağlı idi".

 

Tədbirdə qeyd edilib ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qaniçən daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib.

 

Beynəlxalq konfrans “1917-ci il fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Rusiya müsəlmanlarının I qurultayı”, “Oktyabr çevrilişi və Azərbaycan” və “Azərbaycan xalqının və Rusiya imperiyasının digər xalqlarının azadlıq hərəkatı” adlı dörd bölmədə işini davam etdirib. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Albaniya, Türkiyə, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və başqa ölkələrdən olan alimlər də elmi məruzələrini təqdim ediblər.

Müəllif | Apa.Tv