Elmar Məmmədyarov: "Ermənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşulmaq istəyirsə..."
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun xarici işlər və Avropaya inteqrasiya naziri Srcan Darmanoviçlə görüşüb.
APA TV-nin məlumatına görə, görüşdə Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun bu günlərdə istifadəyə verildiyini qeyd edən E.Məmmədyarov strateji əhəmiyyətli bu layihənin Avropanı Asiya ilə birləşdirən ən qısa və sərfəli yol olduğunu bildirib. S.Darmanoviç bu strateji layihə münasibətlə Azərbaycan tərəfini təbrik edib.
Görüşdən sonra keçirilən mətbuat konfransında Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yoluna Ermənistanın qoşulması ilə bağlı məsələyə aydınlıq gətirib. "Bizim bu layihəyə Ermənistanın qoşulması ilə bağlı şərtimiz odur ki, ilk növbədə münaqişə həll olunmalıdır, qoşunlar bizim işğal olunmuş torpaqlarımızdan çıxarılmalıdır. Daha sonra hər cür imkandan istifadə etmək olar ki, əməkdaşlıq və qonşuluq edək. Azərbaycan heç kəsin torpağını işğal etməyib", - deyə nazir bildirib.
Elmar Məmmədyarov noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini bildirib: "Ondan bir neçə gün əvvəl Ermənistan prezidenti və mənim erməni həmkarım Moskvada olacaq. Təklif oldu ki, üçtərəfli görüş olsun. Hələlik dəqiq olan odur ki, mən həmsədrlərlə Moskvada görüşəcəyəm".
Montenegrolu nazir isə ölkəsinin münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini bildirib.