Bakıda “Toyota Land Cruiser”i qaçıranlar: "Gətirib maşını qaytaracaqdıq"
Bir neçə gün əvvəl Səbail rayonunda “Toyota Land Cruiser” markalı avtomobil qaçırılıb.
APA TV-nin məlumatına görə, Bakı şəhər sakini Vüqar Məhərrəmov Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Ü.Hacıbəyov küçəsində saxladığı avtomobilinin naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.
Təhqiqatçı Qabil Hüseynovun sözlərinə görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Saxlanılan Rəfael Əzimov törətdikləri cinayəti etiraf edib: "Dostum açarı gətirdi, dedi gəl sürək. Şəhərdə bir neçə yerə getdik. Gətirib maşını qaytaracaqdıq".
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırmaq üçün əvvəlcə nəqliyyat vasitəsinin saxlanıldığı dayanacaqda yerləşən gözətçi otağından həmin maşının açarlarını oğurlayıblar.
Qeyd edək ki, qaçırılan avtomobili idarə edən R.Əzimov bir müddət əvvəl analoji cinayət törətdiyinə görə məsuliyyətə cəlb edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.