Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovu qəbul edib.
APA TV xəbər verir ki, qonaqları salamlayan prezident İlham Əliyev bildirib ki, bu il hər iki şəxs Azərbaycan dövlətinin ali ordeni - “Dostluq” ordeni ilə mükafatlandırılıblar. Çünki onların fəaliyyəti Rusiya Federasiyası ilə Azərbaycanın, Dağıstanla Azərbaycanın qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlib.
Dövlət başçısı qeyd edib ki, xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir. Artıq münasibətlər elə bir səviyyədədir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur, bütün məsələlər çox uğurla həll edilir.
Sonra dövlət başçısı “Dostluq” ordenlərini İlyas Umaxanova və Xizri Şixsaidova təqdim edib.
Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov təşəkkür edib və deyib ki, Azərbaycanın bu yüksək mükafatını prezidentdən almaq böyük şərəfdir.
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidov prezidemt İlham Əliyevin babası Əziz Əliyevin Dağıstan üçün tarixi rolunu xatırladıb. Qeyd edib ki, o, əslində dağıstanlıları Sibirə sürgün olmaqdan xilas edib. Bu gün Dağıstan şəhərlərində onun adını daşıyan küçələr, təhsil müəssisələri var. Mahaçqalanın mərkəzi küçələrindən biri onun adını daşıyır, 6 metrlik heykəli ucaldılıb. Bu abidənin qarşısına müxtəlif əlamətdar günlərdə insanlar toplaşır, gül-çiçək gətirirlər və ona etdiyi bütün işlərə görə təşəkkürlərini bildirirlər.
Prezident İlham Əliyev dağıstanlılara Əziz Əliyevin xatirəsini əziz tutduqlarına görə minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.