Piyadaya yol vermək istədi, qəzaya səbəb oldu - BAKIDA QƏZA
Axşam saatlarında Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin verdiyi xəbərə görə, Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınmış avtoqəza zamanı "BMW" və "Mercedes" markalı minik maşınları toqquşub.
Məlumata görə, Akif Rəhimov idarə etdiyi "Mercedes" markalı avtomaşınla Xocalı prospektinə doğru hərəkət edirmiş. Bu vaxt sürücü piyada keçidinin yaxınlığında piyadaya yol vermək istəyib və nəqliyyat vasitəsini saxlayıb. Ara məsafəsi az olduğundan arxadan gələn və Soltanov Faiq Fikrət oğlunun idarə etdiyi "BMW" markalı avtomobil "Mercedes"ə çırpılıb. Yol qəzası nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Hadisənin təfərrüatlarını Bakı şəhər BDYPİ-nin müfəttişləri araşdırır.