Novakın açıqlaması neftin qiymətinə mənfi təsir edib, bazarda qeyri-müəyyənlik hökm sürür
Rusiyanın energetika naziri Aleksandr Novakın açıqlaması neftin bahalaşmasını ləngidib. APA TV-nin məlumatına görə, Novak qlobal neft paktının müddətinin zərurət yaranacağı təqdirdə uzadılacağını deyib və OPEK+ formatında sazişin qaçılmaz zərurət olmadığını bildirib.
Səudiyyəli həmkarı ilə görüşdən sonra verilən bu açıqlama nefti qismən ucuzlaşdırıb. Günorta saatlarında “Brent” markalı neftin qiyməti 60,10 dollara düşsə də, gecə seanslarında yenidən bahalaşmağa başlayıb. Hazırda bu markadan olan neftin bir bareli 60,76 dollardan təklif olunur. Qərbi Texas nefti isə 54,77 dollara satılır. İki marka arasında qiymət fərqi uzun müddətdən sonra ilk dəfə 6 dollardan az olub. Burada ABŞ Energetika Nazirliyinin dərc etdiyi rəqəmlərin böyük rolu var.
Energetika Nazirliyi ölkədə gündəlik neft hasilatının 9,55 milyon barelə çatdığını açıqlayıb. Ölkə tarixində ilk dəfə olaraq gündəlik neft ixracı 2,13 milyon barelə çatıb. Qiymət fərqi ilə əlaqədar Qərbi Texas neftinə tələb artdığından ABŞ neft sektorunda canlanma müşahidə olunur və hasilat artır.
Neftin qiyməti ilə bağlı qeyri-müəyyənlik yaransa da, Uoll-Strit analitikləri son altı ayda ilk dəfə olaraq qiymətlərlə bağlı proqnozu yüksəldiblər. Bu, OPEK+ paktına qoşulan ölkələrin öhdəliklərə ciddi şəkildə riayət etməsi ilə bağlıdır.