ADP sədri: "İSA QƏMBƏRİN SƏSLƏNDİRDİYİ FİKİRLƏR BƏHANƏDİR"

"Müsavat Partiyasının başqanı İsa Qəmbərin Milli Şurada səsləndirdiyi fikirlər bəhanədir".

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu APA TV-yə deyib ki, bəyanatların axrasında başqa maraqlar dayanır. Belə ki, indiki halda Milli Şurada toplanan qüvvələrin Parlament seçkiləri ilə bağlı fərqli taktikaları var: "Əslində burada Rüstəm İbrahimbəyovun xarici ölkə vətəndaşı olması, fəxri sədr kimi qalması bir bəhanə kimi istifadə olunur. Amma əsl həqiqətdə Müsavat Partiyası qarşıdan gələn parlament seçkilərində fərqli taktika ilə getmək istəyir. Bu zaman Müsavat Milli Şuraya müəyyən şərtlər irəli sürür. Həmin şərtləri də digər qüvvələrin maraqlarına zidd olduğuna görə, qəbul etmirlər. Bu şərtlə qəbul edilməyəcəyi təqdirdə Müsavat tamamilə haqq qazanır ki, Milli Şuradan çıxıb öz fəaliyyətini müstəqil qursun".

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə hesab edir ki, Şuranın son iclasında baş verənlər bütün proseslərin məntiqi nəticəsi idi: "Mən hesab edirəm ki, bu məsələdə də başqa yanaşma var. Ona görə ki, Müsavat tərəfindən Rüstəm İbrahimbəyovun sədrliyə namizədliyi irəli sürülüb. Artıq qərar qəbul olunub. Qərardan sonrada kim hansı addım atacaqsa, o da onun haqqıdır. Məsələdə də əks fikir söyləmək doğru deyil".

 

Partiya sədri bildirib ki, KXCP Milli Şuranın gücləndirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması və həyata keçirilməsi istiqamətində  qəbul edilən qərarlara uyğun addımlar atacaq.

 

Müəllif | Apa.Tv