Barselona yenidən qarışdı, Madrid tələb edir, Avropa Məhkəməsi susur - PUÇDEMONA AĞIR CƏZA İSTƏNİLİR
Karles Puçdemon və Kataloniya hökumətinin keçmiş üzvlərinə (ümumilikdə 14 nəfər) 2-3 noyabr tarixlərində ifadə vermək üçün İspaniyanın Milli Məhkəmə Palatasına gəlmələri tapşırılıb.
APA TV-nin xəbərinə görə, gəlməyəcəkləri təqdirdə, onların barəsində axtarış elan ediləcəyi və həbs-qətimkan tədbiri seçiləcəyi bildirilib.
Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.
Bir qədər əvvəl K.Puçdemonla yanaşı, Belçikada olan sabiq hökumət üzvlərinin də həbsi ilə bağlı qərarın olduğu deyilsə də, məlumatlı mənbələr bu xəbəri təkzib edib.
Bu arada muxtariyyətin sabiq rəhbəri Karles Puçdemonun vəkili Pol Bekart müdafiə etdiyi şəxsin məhkəmə təqibindən gizlənmək niyyətində olmadığını açıqlayıb. O qeyd edib ki, K.Puçdemon bununla bağlı qəbul ediləcək hər qərara hazırdır və buna şərtsiz tabe olacaq.
Sabiq muxtariyyət rəhbərinin özü isə rəsmi Madridin addımlarını demokratiyaya sui-qəsd kimi dəyərləndirib.
İndi K.Puçdemonun İspaniyaya təhvil verilməsində yeganə sədd Avropa Məhkəməsinin bununla bağlı qərarının olmamasıdır. Əgər "qoca qitə"nin məhkəmə orqanı analoji qərar qəbul edərsə, bu halda Brüssel sabiq Kataloniya rəhbərini qeyd-şərtsiz təhvil verməlidir.
Yeri gəlmişkən, İspaniya hökumətinin addımlarına qarşı Barselonada etiraz aksiyası keçirilib. Etirazçılar rəsmi Madriddən repressiyaları dayandırmağı tələb edib.