Əxlaqsızlıqda ittiham olunan direktor: "Mənə şər atırlar"

Bir neçə gündür Şüvəlandakı 12 nömrəli xüsusi internat məktəbi ilə bağlı KİV-də və sosial şəbəkələrdə ciddi müzakirələr gedir.

 

APA TV-nin xəbərinə görə, internat məktəbi keçmiş əməkdaşı Gülnar Ələsgərova iddia edir ki, direktor Allahverdi Vəliyevdən əxlaqsız təklif alıb və bu təklifi qəbul etmədiyi üçün işdən azad edilib.

 

Bununla bağlı açıqlama verən məktəbin direktoru iddiaların əsasız olduğunu və böhtan xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, Gülnar Ələsgərova əvvəllər işlədiyi müəssisədə də bir çox qalmaqallarla yadda qalıb: "Onun dediklərini mən rədd edirəm, böhtan və şərdir. Əvvəlki iş yerində böyük qalmaqallarla, məhkəmə çəkişmələrindən çıxmış bir xanımdır. Orda direktorun üstünə hücum çəkib, direktoru döyüb. Direktora şər atıb ki, 5000 pul vermişəm, o pulu qaytarmalısan. Məhkəmə çəkişmələrindən sonra onun işdən azad edilməsi, həbsi gözlənildiyi bir vaxtda yenə bizim Təhsil Nazirliyi humanistlik göstərərək, onun himayəsindəki 3 uşağı nəzərə alıb və köçürmə yolu ilə bizim məktəbimizə göndərib. Bizim məktəbə 2016-cı ildə gəlib.  Sentyabr ayında öz hesabına məzuniyyət götürməklə işdə olmayıb. Sentyabr ayından fəaliyyətə başladığı dövrdən xanım demək olar ki, itaətsizlik edir,  əmək intizamına əməl etmir".

 

Allahverdi Vəliyevin sözlərinə görə, onun tək istəyi məktəbdə vəzifəyə sahib olmaq  olub. Özü də dəfələrlə bu barədə söhbət açıb və baş tərbiyəçi olmaq istəyini deyib: "Vəzifəyə kimisə Təhsil Nazirliyi təyin edir. Mənim ixtiyarım, səlahiyyətim çatmır vəzifəyə təyin edəm. Belə iddialarla kollektivdə iş prosesindən başqa bütün işlərə başı qarışırdı. O yerə çatdı ki, kollektiv kütləvi şəkildə yığışaraq mənim adıma cənab nazirin adına ərizə yazdılar ki, o xanım bu məktəbdən uzaqlaşdırılsın".

 

Qeyd edək ki, Gülnar Ələsgərova sinif otaqlarını məktəbdə təhsil alan əqli qüsurlu uşaqların təmizlədiyinə dair video da paylaşıb. Məktəb direktoru isə həmin videonun qurama olduğunu deyir: "Bir az qabaq siz də gördünüz, uşaqlar gəldi, uşaqların əlindən müəllimlər tutub aparırdı. Uşaqlar yeməkdən qayıdan an uşaqların birinə özü verib süpürgəni. Çünki xadimə həmin an oranı təmizləyirmiş, həmin anı özü quraşdırıb çəkib".

 

Qeyd edək ki, Təhsil Nazirliyi məsələ ilə bağlı araşdırma aparır.

Müəllif | Apa.Tv
Almaz Qasımova