Sumqayıtda idarədən televizor və kompüterlər oğurlayanlar ələ keçdi
Sumqayıtda idarədən edilən oğurluğun üstü açılıb.
APA TV-nin xəbərinə görə, bir neçə gün əvvəl Sumqayıt şəhərində yerləşən idarələrdən birinə naməlum şəxslər daxil olaraq oradan 1 ədəd televizor, 1 ədəd fotoaparat, 2 kompüter və 2 ədəd noutbuk oğurlayıblar.
Hadisə barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi dərhal əməliyyat-istintaq qrupu hadisə yerinə yollanıb. Keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən cinayətin Sumqayıt şəhər sakinləri - Tural Dəmiroğlu, Teymur Mövsümov, İlkin Nağıyev və Rauf Cəfərov tərəfindən törədildiyi müəyyən edilib. Araşdırma zamanı dəstə üzvlərinə idarədən oğurluq etmək təklifinin R.Cəfərov tərəfindən verildiyi məlum olub. O, digərlərinə həmin idarədə yerləşən seyfdə külli miqdarda pul olduğunu bildirib.
Saxlanılan şəxslər idarəyə daxil olandan sonra nə qədər çalışsalar da, həmin seyfi aça bilməyiblər. Əvəzində isə onlar ofisdə olan qiymətli əşyaları götürərək hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.