Bakıda “Xəzər-2017” beynəlxalq kompleks təlimi başa çatıb

Bakının Qaradağ rayonunda, Gəmiqayırma Zavodunun ərazisində Xəzəryanı ölkələrin iştirakı ilə "Xəzər-2017” beynəlxalq kompleks təlimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilən təlimdə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın müvafiq qurumlarının canlı qüvvə və texnikası iştirak edib.

 

Bundan əlavə, Azərbaycanın güc strukturları və digər qurumları - Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizlik, Dövlət Sərhəd xidmətləri, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Dəniz Administrasiyası, ANAMA, SOCAR və BP şirkətinin şəxsi heyəti, xüsusi texnika və avadanlığı da təlimə cəlb olunub.

 

"Azərbaycan FHN və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda təşkil olunan təlimi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar, Rusiya mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin müavini Vladlen Aksenov, Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Hallar üzrə Komitənin sədr müavini Marat Kuldikov, Türkmənistan Müdafiə Nazirliyinin Xilasetmə İşinin Təşkili Baş İdarəsinin rəisi Pənah İlyasov, xarici dövlətlərin Azərbaycandakı diplomatik nümayəndələri, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri və təlimdə iştirak edən müvafiq qurumların rəhbər heyəti izləyib.

 

İlk olaraq təlimdə iştirak edən qurumların texnika və avadanlıqlarına baxış keçirilib. Daha sonra təlim qərargahında müşavirə keçirilib.

 

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, Bakıda ilk dəfə olaraq Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iştirakı ilə “Xəzər 2017” beynəlxalq təlimi keçirilir və bu, mühüm hadisədir. Bu gün beş ölkə arasında əməkdaşlığın yeni formatı yaranır.

 

Nazir qeyd edib ki, bu gün təlimdə nümayiş olunan texnikalar Azərbaycan prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə alınaraq, cəmi 11 il öncə yaradılmış Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilib. Məhz bunların nəticəsində, eləcə də Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bilik və bacarıqları hesabına bu illər ərzində baş vermiş təbii fəlakətlərdə heç bir insan itkisi olmayıb.

 

Təlimin rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib ki, təlimə 1100 nəfər şəxsi heyət, 208 ədəd müxtəlif təyinatlı texnika, 2 təyyarə, 5 helikopter, 10 sürətli kater, 8 gəmi, 6 xüsusi təlim görmüş it cəlb edilib.

 

Təlim planına uyğun olaraq I mərhələdə fövqəladə hadisələrin baş vermə təhlükəsi yarandıqda və ya baş verdikdə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xilasetmə xidmətlərinin qüvvələrindən beynəlxalq xilasetmə birləşmələrin yaradılması, onların qüvvə və vasitələri arasında informasiya mübadiləsinin və qarşılıqlı fəaliyyətin təşkili və dənizdə yerləşən neftçıxarma platformalarında və neftdaşıyan gəmilərdə baş verən qəzalar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza xilasetmə işlərinin həyata keçirilməsi icra olunub.

 

II mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları həyata keçirilib.

 

Sonda təlimdə istifadə olunan texnikaların keçidi olub.

 

Müəllif | Apa.Tv
Apa.tv