"Dəmir İpəkyolu"nun gətirdiyi ən böyük üstünlük: erməni lobbisinin məğlubiyyəti
Azərbaycan öz müstəqillik tarixində üçüncü qlobal layihəyə imza atdı. Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz kəmərindən sonra Bakı-Tiflis-Qars dəmiryolu xətti də bu həftə istifadəyə verildi. Çini Londona bağlayacaq "Dəmir İpəkyolu" ilə ilk dövrlər ildə 1 milyon sərnişin, 6,5 milyon ton yük daşınacaq. Növbəti 17 il ərzində bu rəqəmin 3 milyon sərnişinə və 17 milyon ton yükə çatdırılması nəzərdə tutulur. Bu, Asiya və Avropa arasında yük və sərnişin daşımalarında zəncirin önəmli həlqəsinə çevrilən Azərbaycanın tranzit ölkə kimi külli miqdarda gəlir əldə etməsi deməkdir. Zamanla bu gəlirin ölkənin neftdən əldə etdiyi gəlirə bərabər səviyyəyə çatacağını iddia etmək olar. Yəni, Azərbaycan Asiyadan Avropaya və əks istiqamətdə daşımalardan neftdən əldə etdiyi gəlir qədər qazanc əldə edəcək. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin əhəmiyyəti budur. Həm də təkcə bu deyil. Bu dəmiryolu xətti Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirəcək və strateji əməkdaşlıq səviyyəsinə çatdıracaq. Eyni zamanda Azərbaycanın bu dəmiryolu xəttinin imkanlarından istifadə edəcək təxminən 40-a yaxın ölkə ilə ikitərəfli əməkdaşlığı genişləndirməsində mühüm rol oynayacaq. Bakı-Tiflis-Qars dəmiryolu xətti həm də Naxçıvanın blokada durumunu azaldacaq, Qarsdan İğdıra, oradan isə Naxçıvana uzadılacaq xətt Azərbaycanın ayrılmaz hissəsi olan bu bölgəyə dəmiryolu ilə səfər etmək imkanı verəcək. Təbrizdən Naxçıvana dəmiryolu xəttinin çəkilməsi Bakını muxtar respublika ilə ikinci istiqamətdən birləşdirmiş olacaq. Bunlar Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Azərbaycana gətirəcəyi dividentlərin yalnız bir qismidir. Bu xəttin işə düşməsinin ən böyük dividenti isə Ermənistanın növbəti dəfə regional layihələrdən kənarda qalması, erməni lobbisinin böyük məğlubiyyətə uğramasıdır. 2000-ci illərdən başlayaraq "Dəmir İpəkyolu" layihəsinə qarşı lobbiçilik fəaliyyəti aparan, ABŞ Dövlət Departamenti və Avropa Parlamenti səviyyəsində bu layihəni pisləyən bəyanatların verilməsinə nail olan erməni lobbisinin arzuları gözündə qalıb. Azərbaycan, Gürcüstan və Türkiyənin nümayiş etdirdiyi siyasi
iradə "Dəmir İpəkyolu" layihəsinin əleyhdarlarını tərəfdaşlara çevirib. Artıq Qərb heç zaman dəstək vermədiyi bu layihənin əhəmiyyətini anlayır və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin verdiyi imkanlardan istifadənin səmərəli olduğunu düşünür. Bu baxımdan Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışı təkcə həftənin deyil, ayın, hətta ilin hadisəsi sayıla bilər.