Azərbaycan-Türkiyə: Strateji müttəfiqliyə xələl gətirmək istəyənlərə prezidentlərin foto cavabı
İki ölkə bir-birinin bütün maraqlarını qeyd-şərtsiz nəzərə alırsa, bu ölkələr arasında münasibətlər strateji müttəfiqlik adlandırılır. Əgər ortada strateji müttəfiqlik varsa, o deməkdir ki, müttəfiq olduğun ölkənin maraqları sənin hansısa marağına zidd olsa belə, o maraqlarla hesablaşmalısan. Beynəlxalq münasibətlər sistemində strateji müttəfiqlik çox mühüm əhəmiyyət kəsb edir, lakin təməl strukturu mürəkkəb olduğuna görə, dünyada gerçək anlamda strateji müttəfiq olan dövlətlər çox azdır. Belə ölkələrə məsələn ABŞ və Böyük Britaniyanı misal çəkmək olar. Bu ölkələrin strateji müttəfiqliyi anqlo-sakson müttəfiqliyi də adlandırılır. Strateji müttəfiq olmaq üçün ortaq siyasi və iqtisadi maraqlar həm də ortaq din, dil, etnik bağlılıq kimi faktorlara söykənməlidir. Bu mənada Azərbaycan və Türkiyə əbədi-əzəli strateji müttəfiq sayıla bilər. Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə sadiqliyin nümunəsidir. ABŞ Konqresində və Fransa Senatında qondarma "erməni soyqırımı" haqqında qətnamələrin müzakirə olunanda Azərbaycanın lobbiçilik imkanlarını səfərbər etməsi də Türkiyə ilə strateji müttəfiqliyə sadiqliyin nümayişidir. Bu misalların sayını çox artırmaq olar. Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası iki ölkənin ortaq maraqlarının daha da dərinləşməsini təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə düşməsi ilə ortaq maraqlar daha da dərinləşir və təbii olaraq bu maraqlara qarşı çıxanlar da çoxalır. Zaman-zaman hər iki ölkədə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə xələl gətirən açıqlamaların, addımların şahidi oluruq. Bakıda keçirilən toplantıdan öncə çəkilən bir foto bu cəhdlərə layiqli cavab oldu. Azərbaycan və Türkiyə prezidentlərinin birgə fotosu göstərdi ki, "bir millət, iki dövlət" prinsipinə əsaslanan müttəfiqliyə xələl gəlməyəcək və birgə imza atılan qlobal enerji və nəqliyyat layihələri bu müttəfiqliyin bünövrəsini daha da möhkəmlətmiş olacaq.