Göyçayda XII Nar Festivalı keçirildi - BU DƏFƏ ÇOX FƏRQLİ

Göyçayda XII Nar Festivalı keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “AzNAr” QSC-nin maliyyə dəstəyi ilə keçirilən tədbir möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.

 

Festival iştirakçıları musiqi sədaları ilə qarşılanıb. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq bol ruzi-bərəkət arzulayıb.


Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən nardan əl əməyi ilə hazırlanan məhsullardan ibarət sərgi ilə tanış olub.

 

İki gün davam edəcək festivalın rəsmi açılış mərasimində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edib. Qeyd edilib ki, artıq 12-ci dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu festival son illər Göyçayda narçılığın inkişafına təkan verib və Azərbaycanın dünyada təbliği işində böyük əhəmiyyət daşıyır. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir.

 

Meydanda təşkil olunan kitab sərgisi, rəsm əsərləri, suvenirlər, əl işləri və qədim sənət nümunələri maraqla izlənilib, idmançıların, folklor rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən maraqlı çıxışları bayramı daha da yadda qalan edib. Daha sonra “Nar” abidəsinin açılış mərasimi olub, “Ən gözəl Nar qızı” respublika müsabiqəsi keçirilib. Milli geyimdə podiuma çıxan qızlar arasında birinci yeri Şövkət Əsədullayeva tutub və ona 5 min manat pul mükafatı verilib. Festivalda “Ən böyük nar” müsabiqəsinin qalibi məlum olub. Rayonun Dövranlı kənd sakini Allahverdi Xəlilovun yetişdirdiyi bir ədəd narın çəkisi 1 kq 30 qram olub və müsabiqədə birinci yeri tutub. Sonra yerli və xarici qonaqların “AzNar” QSC-yə səfəri təşkil edilib, onlara zavodun istehsal prosesi və əldə etdiyi uğurlar barədə məlumat verilib.

 

Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.

Müəllif | Apa.Tv
Elvin Yaqubov