Tehran-2017: Ermənistana diktə dili, Azərbaycanla mövqeləri dəqiqləşdirmək
"Azərbaycan prezidenti ilə görüşdə daha mühüm istiqamətlər üzrə mövqelərimizi dəqiqləşdirdik". Rusiya prezidenti Vladimir Putinin Tehran görüşündən sonra mətbuat verdiyi bəyanatdakı bu cümlə maraq doğurur. Bəyanatın ümumi mahiyyətindən çıxan nəticə budur - Rusiya Azərbaycanı bərabərhüquqlu tərəf görür, Azərbaycana böyük layihələri birgə həyata keçirə biləcək ciddi tərəf müqabil kimi yanaşır, bu səbəbdən mühüm istiqamətlər üzrə mövqe dəqiqləşdirmələri aparır. Putinin yanaşmasında diktə elementi yoxdur. Niyə diktə elementini önə çəkirik? Çünki Rusiya prezidentinin Sərkisyanla görüşlərdən sonra verdiyi açıqlamalarda diktə açıq-aşkar hiss olunur. Moskva Azərbaycana müstəqil dövlət, Ermənistana isə vassal kimi baxır. Putinin açıqlamalarının müqayisəsi Ermənistanın Rusiyadan asılılığını təsdiqləyən amillərdən yalnız biridir. Hər şey göz qabağındadır, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsində çox böyük, yeri doldurulmayacaq itki verib, bu itki müstəqillikdir. Azərbaycan isə torpaqlarının bir hissəsi hələlik işğal altında olsa da, ikitərəfli münasibətləri qarşılıqlı maraqlar əsasında quraraq müstəqilliyini daha da möhkəmləndirmiş olub. Putinin Azərbaycan və Ermənistan liderlərinə münasibətinin müqayisəsi digər bir müqayisəyə də imkan verir. Ermənistan xarici siyasəti çoxtərəfli formatda, Azərbaycan isə ikitərəfli formatda həyata keçirməyə üstünlük verir. Nəticədə Rusiya Ermənistanla diktə dili ilə danışır, Azərbaycanla isə Putinin təbiri ilə desək mühüm istiqamətlər mövqeləri dəqiqləşdirir. "Ermənistan Rusiyanın forpostudur" ifadəsi ilə razılaşmayan ermənilər məsələyə bir də bu müqayisə çərçivəsindən baxsalar, günün reallıqlarını daha aydın dərk etmiş olarlar.