Azərbaycanda Ərəbistan səhralarını xatırladan mənzərə - REPORTAJ

“Övladda nəvə, dövlətdə dəvə” deyimi aktuallığını itirsə də, hələ də dəvəçiliklə məşğul olanlar az deyil. Ölkənin Abşeron, Beyləqan, Bərdə, Biləsuvar rayonları dəvəçilik təsərrüfatının olduğu bölgələr sayılır. Hacıqabul rayonunun Udulu kəndi Harami silsilə dağlarının ətəyində yerləşir. Buranın düzən ərazilərində dəvə sürüsünə rast gəlmək olur. İki hürgüclü dəvələr saxlanılan bu ərazi ilk baxışda Ərəbistan səhralarını xatırladır.

 

Kənd müəllimi Əmrah Əmrahovun APA TV-yə dediyinə görə, bu sahəyə həvəs göstərənlər çoxdur: “Ekzotik heyvan kimi dəvəyə, yəni təbiətin bu nadir, gözəl heyvanına həqiqi mənada çox adam maraq göstərir”.

 

- Deyirlər, dəvə kinli olur. Amma o qədər də kinli görünmür.

- Əvvəllər dəvələr kinli olub. Amma indi hər şey dəyişib axı. Müasirləşib. Bax, görürsən, dəvənin kini burda özünü büruzə verdi.

 

Etiraf edək ki, dəvə bizim üçün ekzotik heyvandır. Bu heyvanı görmək, onu seyr etmək bizim üçün qeyri-adi bir şeydir. Dəvənin xeyirli heyvan olmasından uzun-uzadı danışmaq olar. Onun yunu, dadlı əti və südü çox qiymətlidir. Dəvə yunundan xalçaçılıqda istifadə olunur. Südü isə müxtəlif xəstəliklərin müalicəsi üçün faydalıdır. Dəvə heç bir xüsusi qayğı və qulluq tələb edən heyvan deyil. O, heç bir heyvanın yemədiyi tikanlı otlarla qidalana bilir ki, bu da onun ən üstün xüsusiyyətlərindən biridir.

 

Əmrah Əmrahov belə deyir: “Dəvə dağlarda, düzlərdə, səhralarda otlayır. Bizim bu ərazi də yarımsəhradır. Dəvələr burada otlayır, qidalanır. Əlavə heç bir yemə ehtiyac olmur. Dəvə bu ərazidə sərbəst gəzib dolanır”.

 

Dəvə yunu ən zərif və qiymətli yun hesab olunur. Çox dözümlü heyvandır, 1 ton yükü 90-100 km. məsafəyə aparmaq qabiliyyətinə malikdir. Dəvələr 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilir. Yaşlı dəvə gündə 25-30 litr su içir. Amma onlar yeganə canlıdır ki, 10-12 gün susuz da yaşaya bilir. Dəvələr günlərlə aclığa tab gətirir. Bu zaman hürgücləri onun qida tələbatını ödəyir. Hürgüclərdə dəvənin bütün çəkisinin beşdə biri qədər yağ toplanır. Ac qalan dəvə orqanizmin yaşaması üçün hürgüclərindəki yağı sərf edir. Hürgüclərdəki yağ azaldıqca onlar yana əyilir. Əmrah müəllimin dediyinə görə, “nər” adlanan erkək dəvələr hirslənəndə adamı öldürə də bilərlər: “Orada Köyüllü obası olub. Deyilənə görə, bizim babalardan birini nər o qədər qovub ki. Sonra kişi əlində xəncərlə yıxıb altına, sonra onun qarnını yırtıb, elə azad olub. Bax, dəvə  belə kinli olur”.

 

Gördüyünüz bu dəvə sürüsü gecə-gündüz bu düzənlikdə gəzib dolanır. Ot olmayanda tikan da yeyir. Sahibindən yem istəmir. Aralarında nadir növlərdən olan ağ dəvə də var. Bir azdan bu dəvələr dağa qalxacaq. Oralarda bir müddət gəzib dolaşandan sonra yenidən düzənliyə qayıdacaq.

Müsahibimiz deyir ki, əvvəllər Udulu kəndində dədə-babalarımız çoxlu sayda dəvə saxlayıblar. Belə dağlıq yerlərdə dəvə həm də nəqliyyat vasitəsi olub. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı