Kriminal aləmin "Qoca"sı: Qatardan qaçan avtoritetin Qaradağ postunda bitən dünyası
Həftənin səs-küylü kriminal hadisələrindən biri Bakıda qatardan qaçan kriminal avtoritet, "Qoca" ləqəbli Etibar Məmmədovun xüsusi əməliyyat zamanı öldürülməsi olub. Rəsmi açıqlamaya əsasən, etap zamanı konvoy nəzarətindən qalan "Qoca"nın Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizləndiyi müəyyənləşib. Məlumat dəqiqləşdirilmək məqsədilə yoxlanılıb, bu zaman Etibar Məmmədovun noyabrın 1-də axşam 23.00 radələrində İlqar Əzimovun maşınında Bakı-Ələt yolunda hərəkətdə olduğu müəyyənləşib. Maşında onlardan başqa Bakı sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə də olub. Onların saxlanması məqsədilə xüsusi əməliyyat keçirilib, polis əməkdaşları maşını postda saxlamaq istəyiblər. Lakin polisin qanuni tələbinə tabe olmayan bu şəxslər adları əvvəlcə maşını xüsusi əməliyyatda iştirak edən şəxslərin üzərinə sürüb, sonra odlu silahdan atəş açaraq ərazidən uzaqlaşmağa çalışıblar.
Əməliyyat qrupunun gördüyü cavab tədbirləri ilə Etibar Məmmədov, İlqar Əzimov və Anar Əsgərov yaralanıb. Onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən "Qoca" ləqəbli avtoritetlə, onu evində gizlətmiş İlqar Əzimov yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə isə həbs olunub.
Avtomobilə baxış zamanı iki ədəd "Makarov" markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilərək götürülüb.
1 saylı Kliniki Tibbi Mərkəzdən bildiriblər ki, Anar Əsgərovun vəziyyətinin qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur. O lazımi tibbi müdaxilədən sonra istintaqa təhvil verilib. Etibar Məmmədov və İlqar Əzimovun meyitləri isə müayinə olunduqdan sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən yaxınlarına verilib.
Qeyd edək ki, ötən həftə "Qoca" ilə birlikdə Bakı-Astara-Bakı qatarından qaçmağa müvəffəq olmuş Əli Rasim oğlu Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulmuşdu.
Qaçışın təşkilində iştirak etmiş daha 3 nəfər saxlanılıb. Onlar taksi sürücüsü Məhəmməd Hacıyev, "Qoca"nın Gürcüstanda tanış olduğu Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla əlaqədar Penitensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub və işdən azad edilib.