Fədayə Laçin: "Qoca"nın, yoxsa saf sevginin qurbanı?
Tanınmış müğənni Fədayə Laçın həbs olunub. Səbəb "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun Bakı-Astara-Bakı qatarından qaçmasına yardım göstərməkdir. Bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən müğənni barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Fədayə Laçın məhkəməyə verdiyi ifadədə ona qarşı irəli sürülən ittihamı rədd edib. O bildirib ki, Etibar Məmmədov və Əli Ağaminin həbsdən qaçmaq niyyətində olduğunu bilməyib, sadəcə onun etibarından sui-istifadə ediblər.
Fədayə Laçın "Qoca" ilə əlaqələrini inkar etmir. İnkar etməsi mümkün də deyil, çünki həbsdən sonra sosial şəbəkələrdə müğənni ilə "Qoca"nın bir yerdə görüntüləri yayılıb. Görüntülərdə Fədayə Laçın "Qoca" üçün mahnı ifa edir.
Fədayə Laçının həbsi şou-biznes aləmində səs-küyə səbəb olub. Sənət yoldaşları sosial şəbəkələr vasitəsilə Fədayə Laçının həbsinə münasibət bildiriblər.
Müğənni Lalə Məmmədova Fədayə Laçını saf sevginin qurbanı adlandırıb, Rəqsanə İsmayılova bu cür sevginin sonunun belə acı sonluqla bitdiyini yazıb, Ayan Babakişiyeva Fədayə Laçınla Tacir Şahmalıoğlunun duetini paylaşaraq insanları yıxılana balta vurmamağa çağırıb. Prodüser Tolik isə baş verən hadisəyə görə "Qoca" ləqəbli kriminal avtoriteti günahlandırıb. Fədayə Laçının həbsindən təəssüflənənlər arasında Elza Seyidcahan da var. Bir zamanlar müğənni ilə duet ifa etmiş Tacir Şahmalıoğlu isə onun həbsinə üzüldüyünü gizlətməyib.
Qeyd edək ki, günahı sübuta yetiriləcəyi təqdirdə, Fədayə Laçını 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.