Qurban Qurbanov "Qarabağ"ın uğurlarının "qurbanı" oldu

Azərbaycanda futbol həvəskarları üçün həftə iki önəmli hadisə ilə yadda qalıb. "Qarabağ" klubu Çempionlar Liqasında II dövrəsinə uğurla start verib. Madriddə yerli "Atletiko" klubu ilə qarşılaşan "Qarabağ" səfər oyunundan bir xalla geri dönməyi bacarıblar.

 

Oyunda hesabı təmsilçimiz açıb. Miçel 40-cı dəqiqədə künc zərbəsindən ötürülən topu effektli baş zərbəsi ilə tora göndərib. "Qarabağ" ikinci hissədə daha bir qol vurmağa yaxın olub, lakin dəqiqlik və təcrübəsizlik hesabı artırmağa imkan verməyib. Təzyiqi artıran ispanlar 56-cı dəqiqədə hesabı bərabərləşdiriblər. Oyunun gedişində Dieqo Qodinin üzünə ayaqla zərbə endirən Pedro qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 88-ci dəqiqədə ikinci sarı kart alan Saviç meydanı tərk etdikdən sonra komandalarda oyunçu sayı bərabərləşib. Hər iki tərəfin cəhdlərinə rəğmən hesab dəyişməyib və "Qarabağ" daha bir tarixi uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsində ilk səfər xalını qazanıb.

 

Bu hesab nəzəri olaraq “Qarabağ”ın həm qrup mərhələsindən çıxmaq, həm də yarışlara Avropa Liqasında davam etmək şanslarını artırıb.

 

Azərbaycanın idman həftəsinin ikinci səs-küy doğuran hadisəsi də "Qarabağ"ın, daha doğrusu klubun baş məşqçisi Qurban Qurbanovun adı ilə bağlıdır. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Qurban Qurbanovu milliyə baş məşqçi təyin edib. Bu qərar idman azarkeşləri arasında birmənalı qarşılanmayıb. Azarkeşlər arasında bu qərarı "Qarabağ"ın uğurlarının milliyə daşınacağı kimi dəyərləndirənlər də var, həm "Qarabağ"ın, həm millinin növbəti illərdə uğursuzluq girdabına düşəcəyi kimi düşünənlər də. Gözləyək. 

Müəllif | Apa.Tv
Nigar Həsənli