Bərzani getdi, Puçdemon qaçdı, Saakyanın taleyi necə olacaq?
Dünyada ən uzunmüddətli tarixə malik münaqişələrdən ikisinin lideri eyni tale ilə üzləşdi. Bərzani və Puçdemon referendum anavtürasının qurbanı oldu. Separatçılıq meyllərinin cəzalandırılmasının iki səbəbi var. Birincisi, separatçı bölgələrin müstəqillik istəyi mövcud dünya düzəninin çağırışlarına uyğun gəlmir, ikincisi, beynəlxalq birlik ilk dəfə olaraq hər iki fakta qarşı prinsipiallıq nümayiş etdirdi. Bərzaninin bütün nəfəslikləri bağlandı, Kataloniyanın müstəqilliyi isə ildırım sürəti ilə qınandı. Bərzani siyasətdən getdi, Puçdemon siyasətdən qaçdı. Uzun müddətdən sonra dünya ictimaiyyəti ilk dəfə bütün ölkələrin beynəlxalq hüquq normalarının tətbiqinə bu qədər canfəşanlıq göstərdiyinin şahidi oldu. Təqdirəlayiqdir, lakin yenə də ortada ikili standartlar var. Sual olunur, Bərzani və Puçdemona edilən təzyiqlər Saakyana niyə edilmir? Təbii ki, Kürdüstan, Kataloniya və Qarabağ münaqişələrinin mahiyyətində fərqli cəhətlər çoxdur, amma hər üç münaqişənin kökündə separatçılıq dayanır. İddia oluna bilər ki, beynəlxalq təşkilatlar, məsələn BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələr qəbul edib, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bəyanatlar verirlər. Ortada isə ciddi nəticə yoxdur. Səbəbi bir az əvvəl qeyd etdik. Prinsipiallıq. Bərzani və Puçdemonun separatçılıq cəhdlərinə qarşı göstərilən prinsipiallıq Saakyana nəzərən nümayiş etdirilmir. Lakin bu həftə baş verən bu iki önəmli hadisə həm də presedent yaradıb - separatçılıq meylləri dünyada qəbul olunmur və bu meyllərin aradan qaldırılmasına yönəlmiş bütün cəhdlər təqdir olunacaq. Kürdüstan və Kataloniya muxtar bölgələrinin müstəqillik cəhdlərini Dağlıq Qarabağın müstəqilliyi üçün yaşıl işıq kimi dəyərləndirən ermənilər görəsən Bərzani və Puçdemonun başına gələnlərdən sonra nə düşünürlər?