"Rövşən Lənkəranski"nin adamlarını kim və niyə "ovlayır"? - ON GÜNDƏ 16 HƏBS

Ötən il İstanbulda qətlə yetirilmiş azərbaycanlı "qanuni oğru" "Rövşən Lənkəranski"nin qatilinin öldürənlər həbs olunublar. Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburq şəhərində Hüseyn və Emin adlı şəxsləri saxlayıblar. Onlar sentyabrın 11-də Tiflisdə kriminal avtoritet Elçin Məmmədovu öldürməkdə şübhəli bilinirlər. Elçin Məmmədovun meyiti  “Toyota Land Cruiser” markalı avtomobildə aşkar olunub. Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa adamlarla restoranda olub və onlarla mübahisə edib.

Qeyd edək ki, Elçin Məmmədovun adı “qanuni oğru” "Rövşən Lənkəranski"nin qətlində hallanır. Həmin şəxs Rusiyada cinayət əməllərinə görə axtarışda olub.

 

Bu həftə "Rövşən Lənkəranski"nin adı başqa bir hadisə ilə də gündəmə gəlib. İstanbul polisi şəhərin tanınmış alış-veriş mərkəzlərindən birində əməliyyat keçirərək 13 nəfəri həbs edib. Saxlananlar arasında "Mex" ləqəbli Mehmet Sabir Şirin və "Rövşən Lənkəranski"nin qardaşının olduğu bildirilir. Əməliyyat zamanı saxlanan şəxslərin üzərindən və maşınlarından 9 oldu silah götürülüb. Mətbuatın versiyasına görə ələ keçən şəxslər "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifova sui-qəsd hazırlayırmış.  "Lotu Quli" ötən həftə azadlığa buraxıldıqdan sonra İstanbula gedib və sosial şəbəkələrdə onun qardaşı ilə İstanbulda çəkilmiş fotosu paylaşılıb.

 

Xatırladaq ki, bu, "Rövşən Lənkəranski"nin tərəfdarlarının həbsinə dair yeganə faktlar deyil. Ötən həftə Tiflisdə "Krıtıy Malış" ləqəbli Gəncə sakini xüsusi əməliyyat zamanı saxlanmışdı. Onun ölümlə hədələyərək zorla pul tələb etmə faktına görə şikayət əsasında həbs olunduğu bildirilir. Sosial şəbəkələrdə "Krıtıy Malış"ın "Rövşən Lənkəranski"nin klanına daxil olan avtoritetlərdən olduğu barədə xəbərlər yazılır. 

Müəllif | Apa.Tv