ABŞ-da kilsədə qətliam: 26 ölü, 24 yaralı

ABŞ-ın Sazerlend-Sprinqs şəhərində (Texas ştatı) naməlum şəxs kilsəyə daxil olaraq atəş açıb.

 

APA TV-nin xəbərinə görə, yerli vaxtla saat 11:30-da baptist kilsəsinə edilən silahlı hücum nəticəsində 26 nəfər ölüb, 24 nəfər yaralanıb. Ölənlər 5 yaşdan 72 yaşadək olan şəhər sakinləridir.

 

Hadisə yerinə polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları cəlb edilib. Az sonra qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib. Bu, 26 yaşlı Devin Kellidir. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında övladına və həyat yoldaşına zorakılıq etdiyinə görə hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.

 

Məlumata görə, qətliam törətdikdən sonra kilsədən çıxan D.Kelli və üzərində silah olan yerli sakin arasında atışma baş verib. Cinayətkar silahını yerə ataraq avtomobillə hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra onun meyiti sahibi olduğu maşında aşkarlanıb. Onun atışma nəticəsində aldığı yaradan keçindiyi və yaxud intihar etdiyi güman edilir. Qatilin avtomobilində xeyli sayda odlu silah tapılıb.

 

Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir. Cinayətin motivləri müəyyənləşdirilir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov