Şahmat millimiz Rusiya yığmasını darmadağın etdi - AVROPA ÇEMPİONATINDA

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatında 8-ci tur davam edir.

 

Apasport.az saytının məlumatına görə, qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir.

 

Mötəbər yarışın 8-ci turunda kişilərdən ibarət yığmamız Rusiya, xanım şahmatçılarımız isə Fransa millisi ilə qarşılaşıblar.

 

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovdan ibarət kişi millimiz rəqibinə şans verməyib - 3:1. Bu oyuna qədər lider olan Rusiya üzərindəki qələbə yığmamızı turnir cədvəlində birinci pilləyə yüksəldib. 13 xalla Azərbaycan birinci yerdə, 12 xalla Rusiya ikinci yerdə, eyni xalla Ukrayna üçüncü yerdə qərarlaşıb.

 

Yarışın sonuna bir tur qalmış millimiz Avropa çempionluğunun bir addımlığında qərarlaşıb.

 

Qadınlar yığmamız da 3:1 hesablı qələbəyə sevinib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı