Səudiyyə şahzadələrinin həbsi nefti illik rekord səviyyədə bahalaşdırıb

Neftin qiyməti illik rekordu yeniləyib. APA TV-nin məlumatına görə, birja həftəsinin ilk günündə “Brent” markalı neftin bir bareli 62,45 dollardan satılıb ki, bu da 2017-ci ildə qeydə alınan ən yüksək qiymətdir.

 

“Brent” neftinin bahalaşması ABŞ şirkətlərinin nefti emala deyil, ixraca yönəltməyə sövq edib, nəticədə Qərbi Texas nefti də bahalaşıb. Hazırda WTİ neftinin bir bareli 55,87 dollardan satılır, iki marka arasında qiymət fərqi isə yenidən 7 dollara çatmaqdadır.

 

Neftin bahalaşmasına ABŞ-da hasilatın aşağı düşməsi və Səudiyyə kralının ailəsində baş verən amillər təsir göstərib. Sərmayəçi milyarder Əl-Valid ibn Talalın həbsi dünyanın ən böyük neft hasilatçısı olan Səudiyyə ərəbistanında siyasi böhran riskini artırıb, bu səbəbdən alıcılar neft ehtiyatı toplamağa başlayıblar. ABŞ-da isə neft hasilatına cəlb olunan buruqların sayı 8 vahid azalaraq 729-a enib. Bununla da beşinci həftə ard-arda ABŞ-da buruqların sayının azalması qeydə alınıb.

 

Həftənin ilk günlərində qlobal neft paktının müddətinin uzadılacağına ümid verən rəsmi açıqlamalar olsa, qiymətlərin 64 dollar həddinədək bahalaşacağı istisna deyil. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı