Binəqədi şosesində yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb
Bakının Binəqədi şosesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsinə start verilib. APA TV-nin xəbərinə görə, hazırda “Azəravtoyol” ASC tərəfindən yolun asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 40 min kv. m-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.
Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metrdir.
Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər bir tərəfdə 1.5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4600 paqon-metr yeni səki daşları düzülür.
Bundan başqa, avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 6 yerdə “cib”li dayanacaqlar tikiləcək, avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yolun hər bir tərəfində yeni işıq dirəkləri, hərəkətin normal təşkili üçün isə zəruri olan yerlərdə isə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolun xətlənməsi işləri də aparılacaq.
Xatırladaq ki, yenidənqurma işlərinin 1-ci mərhələsində şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb, ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını alınıb.
Bundan başqa, intensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədilə 4-cü qapı küçəsi ilə kəsişmədə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunun Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş və ötürmə qabiliyyətini itirmiş köhnə boru 35 metr uzunluğunda yeni boru ilə əvəz edilib, yol boyu yeni 2.8 km uzunluğunda yağış kollektoru inşa edilib.
Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədi ilə yolun hər bir istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkilib və hazırda yağış barmaqlıqlarının quraşdırılması işləri görülür.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.