Ağcabədidə dəhşətli qəza: 2 ölü, 1 yaralı

Ağcabədidə iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Boyad kəndində qeydə alınıb.

 

20 yaşlı Rahib Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı 59 BB 191 nömrə nişanlı avtomobil 38 yaşlı Şamil Mirzəyevin idarə etdiyi 90 XZ 185 qeydiyyat nişanlı “VAZ-2107” ilə toqquşub. Nəticədə “VAZ-21011”-də olan sərnişin Şamo Qulu oğlu Məmmədov hadisə yerində ölüb. Hər iki sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər Şamil Mirzəyevin həyatını xilas edə bilməyib. Xəstəxanadan verilən məlumata görə, digər sürücü Rahib Məmmədovun vəziyyəti isə ağırdır.

 

Qeyd edək ki, qəzada yaralanan sürücü Rahib Sahib oğlu Məmmədov məşhur azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordenli Rahib Məmmədovun qardaşı oğludur və onun adını daşıyır. 20 yaşlı Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində baş verən təbii fəlakət zamanı böyük fədakarlıq göstərərək 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı